İsmayıllı rayonunun ismayıllı.org saytına müsahibəm

Zəhmət olmasa özünüz haqda məlumat verərdiniz. Harda doğulmusunuz və ilk təhsilinizi hansı məktəbdə almısınızʔ

1987-ci ildə İsmayıllı rayonunun İvanovka kəndində anadan olmuşam və orta təhsilimi elə İvanovka kənd orta məktəbində almışam. Mənim siyasi elmlərə marağım artıq məktəb illərində, Respublika Fənn Olimpiyadalarında iştirak etdikdən sonra yaranmışdı. Həmən olimpiyadalarda mən Azərbaycan tarixi üzrə 2-ci və 4-cü yerləri tutmuşdum.

Ali təhsilinizi harda almısınız və ixtisasınız nədirʔ

Siyasətə marağım artiq məktəbdən yarandığından, 2005-ci ildə Bakı Dövlət Universitetinin beynəlxalq əlaqələr fakültəsinə qəbul olmağı qərar verdim. Universitet illəri ərzində mən sosial aktivliyimlə seçilirdim və bir sıra ictimai təşkilatların üzvü olmuşdum. 2008-ci ildə Baki Dövlət Universitetinin Həmkərlar İttifaqının sayəsində Moskva Dövlət Universitetində təşkil olunan beynəlxalq konfransda iştırak etdim.

Üzv olduğum Azərbaycan-Yəhudi gənclər birliyinin vasitəsi ilə bir sıra mötəbər tədbirlərin təşkilində yaxından iştırak etdim. AEEGE-Baki təşkilatının köməyi ilə 2009-cu ildə Moskvada təşkil olunmuş Eurovision mahnı müsabiqəsində Azərbaycana dəstək olan bir qrupla iştirak etdim.

Bundan savayı, mən 2008-ci ildə DAAD-nin bir aylıq yay məktəbi üçün təqaüdünü qazandım.

Universiteti bitirdikdən sonra 2009-cu ildə Azərbaycanın ordu sıralarına çağırıldım və Vətənə olan borcumu verdim. Əsgər olduğum zaman artıq təhsilimi davam etdirmək haqda düşünürdüm. Bu üzdən əsgərlikdən qayıtdıqdan sonra mən, sənədlərimi hazırlamağa başladım və Almaniya universitetlərinə göndərdim. Almaniyanın üç universitetindən dəvətnamə alsam da, seçimimi daha tanınmış və qabaqcıl olan Georg-Agust-Universitetinə etdim. 2011-2014 ci ilə kimi Georg-August Universitetində Siyasi Elmlər üzrə magistratura pilləsində təhsil aldım. Göttingendə təhsil aldığım zaman bir sıra konfrans və beynəlxalq tədbirlərdə iştirak etdim və nəticəsi kimi mənim Qafqaz və Xəzər bölgəsi ilə bağlı iki məqaləm işıq üzü gördü, bundan savayı, alman dilində iki elmi məqaləm də online versiyası oxucuların ixtiyarındadı. 2014-cü ilin yazında magistratura təhsilimi Almaniyada bitirdim və buraxılış işimi Mərkəzi Qafqazda “dondurulmuş münaqişələr” və beynəlxaq təşkilatların bu məsələdə rolu mövzusunda yazmışam.

Hazırda harda çalışırsınızʔ

Hal-hazırda (mart-iyul aylarında) İPS (Beynəlxalq Parlament Təqaüdü) proqramı çərçivəsində Alman Bundestaqının deputatı Katrin Kunert (Die Line – Sol Partiyası) bürosunda iş təcrübəsi keçirəm.

İsmayıllı haqqında təəssüratlarınızı və xatirələrinizi bölüşərdiniz zəhmət olmasa. Uşaqlıq və yeniyetməliyiniz harda keçib və sizin üçün ən əziz kənd hansıdırʔ

İsmayıllı mənim evim və Vətənimdi. Mənim valideynlərim əslən Gədəbəydən olsalar da, həmişə İsmayıllı ilə bağlılığımı hiss etmişəm. Mənim əsas uşaqlığım və yeniyetmə illərim doğma İvanovka kəndində keçib, İsmayıllının mərkəzinə isə həftə sonu ailəmizlə bazarliğa, yaxud xəstələnəndə həkim yanına gedərdik. İsmayıllı ilə əsl tanışlığım universitetə hazırlıq zamanı başladı. Mən bir neçə fənn üzrə hazırlığa demək olar ki, həftədə 3-4 dəfə rayon mərkəzinə gəlməli olurdum və o zamandan çoxlu dost – tanış qazandım. Arada uşaqlarla dərsdən sonra gedib çayxanada çay içib əldə etdiyimiz bilgiləri bölüşərdik.

Rayonumuza olan sevgini ilk dəfə Bakıda təhsil alarkən anladım. İlk təhsil ilində hər həftəsonu evə “qaçırdım”.

Ən əziz kəndim isə elə doğma kəndim İvanovkadı. İvanovkada mənim ən xoş və yaddaqalan uşaqlıq və yeniyetməlik illərim keçib.

Siz ivanovka.net internet saytı və Facebook səhifəsinin də adminisiniz. Bu barədə məlumat verərdiniz, layihənin məqsədi nədi və nə necə oldu ki, bu işlə məşğul olmağa qərar verdinizʔ

Xaricdə təhsil aldığım zaman Azərbaycana olan sevgim daha da çoxaldı və doğma yerlər üçün darıxmağa başladım. İnternetdə rayonumuz və kəndimiz haqqındə məlumat əldə etmək istəyəndə, aktual və ətrafı məlumat tapa bilmirdim. 2011-ci ilin avqustunda İvanovkada tətildə olarkən, qərara gəldim ki, Facebook-da səhifə və Youtube-da bir kanal yaradım və kəndimlə bağli olan hər hansısa məlumatı paylaşım. O zaman mənə çoxları inanmırdı və layihəmi onlara danışanda gülərək deyirdilər: “Bu sənə lazımd?”

Sağolsun müəyyən insanlar, bu işdə mənə kömək oldu və biz bir il ərzində Facebook səhifəsində minə yaxın izləyici cəlb edə bildik. İvanovka haqqında internetdə olan məlumatın azlığı və qarışıq olduğundan qərara gəldim ki, internet saytı da yaradım. Saytı yaradanda (2012-ci ilin payızı) əsas mənə dəstək olan qardaşım, Alik Məsimov oldu. Əslində saytı yaradanda mənə bu məsələ daha asan görünürdü, amma onu yaratdıqdan sonra elə günlər olurdu ki, saatlarla onun üzərində işləyirdim. Bundan savayı, layihəmizin tərkib hissəsi kimi Facebook səhifəsi və Youtube-da olan kanaldan əlavə olaraq Twitter-də ivanovka.net profili, vkontakte kəndimiz haqqında qrup yaradıldı.

Layihəmizin bu gün məqsədi:

  • Son illər çoxlu insan İvanovkanı müəyyən səbəblərdən tərk etmişdi. Bizim layihənin məqsədi həmən insanları öz ətrafımızda birləşdirmək və onlara lazım olan məlumatı çatdırmaqdı.
  • İvanovka kəndi Azərbaycanda son kolxoz və malakanların sıx yaşadığı yer olduğundan bura gələn turistlərin sayı ildən-ilə artır və bizim saytın məqsədlərdən biri də onlara lazım olan məlumatı çatdırmaq, məsləhət vermək və bacardığımız qədər köməklik etməkdi.
  • İnternetdə olan İvanovkayla bağli informasiya qıtlığını aradan qaldırmaq. Bundan savayı, İsmayıllının başqa kəndləri, gəzməli yerləri haqqında məlumatları paylaşmaq.

Bizim layihən əsas məqsədi isə onu online formasından reallığa çevirmək, İvanovkada və başqa yerlərdə tədbirlər keçirməkdir. Biz artıq bir neçə dəfə layihəmizin çərçivəsində müsabiqələr və şəkil sessiyası keçirmişik. Bu gün bizim layihənin üzvləri məndən savayı: Anya Sergeeva və Səddam Məcnunzadədir. Biz bu gün də komandamız üçün yeni insanlar axtarırıq və tam formalaşandan sonra artıq başqa layihələrlə başlaya bilərik.

Heç İsmayıllıya gedirsinizmi hərdənʔ

İmkan düşən kimi İsmayıllıya gedirəm. Son dəfə keçən ilin payızında getmişdim.

Rayonda sizi valeh edən və narahat edən məsələlər barədə danışardınız. Sizcə İsmayıllı dəyişirmiʔ

Bizim evimiz İvanovkada olduğundan deyə bilərəm ki, hər dəfə gələndə yeni və tanış olmayan simalar görürəm və çoxdandı tanıdığım insanın artıq İvanovkadan köçdüyünü eşidirəm. Kəndimizə çoxlu qonaqlar gəlir, amma onlarla bərabər Bakıda daimi yaşayan insanlar kəndimizdə ev alırlar və yalnız yay aylarında bura gəlirlər, nəticədə isə soyuq aylarda kəndimizdə çox az insan qalır və bu məsələ məni çox narahat edir.

Kəndimizdə çox gözəl infrastruktur olsa da, onlar demək olar ki, istifadə olunmur və yalnız kənardan seyr etmə obyekti olaraq qalır.

Rayonumuz ildən-ilə gözəlləşir və mən inanıram ki, nə vaxtsa rayonumuz Respublikamızın turizm mərkəzinə çevriləcək.

Biraz da maraqlarınızdan danışardınız. Boş vaxtlarınızda daha çox nəylə məşğul olursuz, kitab oxumağa vaxt ayıra bilirsinizmiʔ

Mənim ivanovka.net saytından savayı, masimov.net ünvanında şəxsi blogum var və mən orada mütamadi olaraq öz haqqımda məlumatları paylaşmağa çalışıram. Hər əlverişli şəraitdə səyahət etməyi sevirəm və orda çəkdiyim şəkilləri qısa yazı forması ilə saytımda paylaşıram. Gündə qəzet oxumağı sevirəm, əsasən də qatarda gedərkən, kitab oxumağa da vaxt tapıram. Ayda 2-3 dəfə kinoya getməyə çalışıram, Göttingendə yaşadığım zaman tez-tez teatra gedərdim.

Təşəkkürlər!

14 iyul 2014 © ismayilli.org

Schreibe einen Kommentar