Allgemein

Almaniyada təhsil alanların və təhsil almaq istəyənlərin nəzərinə
Version 3

Emil Budagov LL.M. oec.

Wirtschaftsjurist

Mənə olunan çoxsaylı müraciətləri nəzərə alaraq, qısa da olsa Almaniyada təhsil aldığınız zaman imtahanlarla, professorlarla, dekanatla və s. olan problemlərinizi imkan daxilində vəkilsiz və məhkəməsiz özünüzün tez həll edə bilmeyiniz üçün bəzi məlumatları sizlərlə bölüşmək istəyirəm.

Almaniya və Almaniyada təhsil fikirləşdiyiniz və eşitdiyiniz qədər asan və ədalətli deyil və heç də hər dəfə deyilənlər kimi, əgər professorla və ya Universitetlə qanun çərçivəsində danışmasaz, o cümlədən məhkəməyə müraciət etməsəz, qanunla tənzimlənmir və ya nizamlanmır. Son zamanlar Almaniya Universitetlərinin professorları imtahanlardan tələbələri qəsdən kəsməklə, həqiqətən də tələbələrin yazdıqları imtahanların nəticəsinə uyğun olan yüksək qiymət əvəzinə aşağı qiymətlər verməklə və s. bu kimi məsələlərə və ya problemlərə görə həmin tələbələrlə Məhkəmə zallarında görüşmək məcburiyyətində qalırlar.

Bu və buna oxşar hallarla qarşılaşmamaq və ya əgər artıq qarşılaşmısızsa, belə halların qarşısını almaq üçün əsas edə biləcəyiniz və ya etməli olduğnuz, oxuduğunuz fakultənin „Studien- und Prüfungsordnung“-u (Təhsil və Imtahan qaydaları) və lazım gələrsə „Allgemeine Studien- und Prüfungsordnung və Landeshochschulgesetzt“ adlı sənədləri qismən də olsa oxuyub məlumatlanmanızdır. Bu qaydaların tərkib hissəsini bilməyənəcən, imtahanlarda və professorlarla problemləriniz olduğu zaman heç özünüz də bilmədən haqqsız yerə imtahandan kəsilə və ya pis qiymət ala bilərsiz.

Bilirsiniz ki, Alman Universitetlərində əgər hər hansısa bir fənndən kəsilirsinizsə, həmin fənndən ən yaxşı halda 3 dəfə imtahan vermək imkanınız var. Sonuncu cəhddə imtahandan kəsilsəz ya təhsilinizi başa çatdırmamış Azərbaycana geri dönməli olursuz ya da təhsil uğrunda sərf etdiyinz illəri itirməmək üçün başqa bir Universitetə  və çox ehtimal ki, artıq başqa bir fakultəyə qəbul olmalısınız. Imtahandan kəsilərkən tələbələr bir çox hallarda professorlardan qorxur və ya çəkinirlər və çalışırlar ki, həmin professorla ehtiyyatla davransınlar ki, növbəti cəhddə həmin imtahandan bir daha kesilməsinler. Bir cox hallarda bu təmamilə səhv yanaşmadır. Səbəb isə Professorların sizin vəziyyəti anlayıb sizə güzəşt etmə şansının çox az olmasıdır. Belə hallarda imtahandan kəsilmə səbəbini öyrənməlisiz və əgər səbəb sizə aydın deyilsə və ya nəticə ilə razı deyilsinizsə və imtahanı daha yaxşı yazdıgınıza inanırsınızsa, professora bu barədə yazılı surətdə müraciət etməlisiz. Professor müraciətinizə reaksiya vermirsə və ya sizi qane edən cavab vermirsə, „Prüfungsamt“-a və Dekanata yazılı surətdə müraciət etməyiniz məsləhət görülür.

Bundan əlavə, əgər hansısa bir imtahandan pis qiymət almısınızsa və həmin qiymətlə razı deyilsinizsə, sizin həmin imtahanın tərkibini yenidən yoxlatdırmaq üçün imtahan nəticələri məlum olan gündən sayılaraq ilk əvvəl 1 həftə vaxtınız var. Bunun üçün imtahanın nəticəsi ilə niyə razı olmadığınız və imkan daxilində konkret nələrin yenidən yoxlanmağını istədiyiniz barədə yazılı şəkildə fakultənizin Imtahan şöbəsinə (Prüfungsamt-a) müraciət edirsiz. Bu müraciətin adı „REMONSTRATION“-dur. Bunun necə yazılmağı barədə hər bir Universitetin saytında daha dəqiq melumat verilir.

Eger „Remonstration“-a verilən cavabla yenə razı deyilsinizsə, onda ya həmin imtahanı yenidən verirsiz (Verbesserungsversuch adlanır) və ya qısa bir müddət ərzində həmin nəticələrə qarşı „Widerspruch“ yazıb yollayırsız „Prüfungsamta“. Əgər buna aldığınız cavabla da razı olmasaz, bu halda artıq „StuRa“-ya (bəzi Universitetlərdə „AsTA“ adlanır), Dekanata, Rektorata və razılıq əldə edilmədiyi halda, artıq məhkəməyə müraciət edə bilərsiz. Xarici tələbə olduğunuz üçün məsləhət görürəm Universitetin tərkibində „Ausländerbeauftragter“-ə də müraciət edin. Çox köməyi dəyməsə də, bəzi hallarda kifayət qədər yardım edə bilir.

Əgər problem Universitet daxilində həll oluna bilməsə, məhkəməyə müraciət edə bilərsiz.

Bir çox tələbələr Vəkil və Məhkəmə xərclərini ödəyə bilmədikləri üçün verilən qiymətlə və ya yaşanan problemlə razılaşmalı olurlar. Bu halda heç də geri çəkilmək lazım deyil. Almaniya Federativ Respublikası maddi imkanı olmadığı üçün vəkil sifariş edə bilməyən şəxslər üçün 2 dəfə Vəkil və Məhkəmə xərclərini öz üzərinə götürür. Buraya „Beratungshilfeschein“ (yəni Vəkillə ilk görüşün keçirilməsi və məsləhətlərin alınması) və PKH – Prozesskostenhilfe (iş məhkəməyə gedərsə və məhkəməni uduzarsızsa, həm sizin həm də qarşı tərəfin Vəkillərinin və Məhkəmənin xərcləri hökumət tərəfindən qarşılanır) daxildir.  Bunun üçün alman vətəndaşı olmağınız hec də vacib deyil. Bunun necə ediləcəyini isə tapdığınız və əlaqə saxladığınız Vəkil sizə ətraflı başa sala və ya özü sizin əvəzinizdən lazımi qaydada məhkəməyə müraciət edə bilər.

Ugurlar!

Categories: Allgemein